SON DƏQİQƏ

bdih-kollec.edu.az

İlaxır çərşənbəsi qeyd olunur

15-03-2022, 20:02

Xalqımız mifoloji düşüncədən qaynaqlanaraq su, od, hava və torpağı əsas yaranış ünsürləri olaraq qəbul etmiş, xaosdan həmin bu dörd ünsürün ayrılması hadisələrini rituallarla keçirmişdir. Bu ənənə müasir dönəmdə də “Novruz çərşənbələri” adı ilə yazın gəlişi ərəfəsində xüsusi ayin və mərasimlərdə yaşadılır. Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Torpaq çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.

Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanmışdır: “Torpaq haqqı”, “Torpağı sanı yaşayasan”. Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur. “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz” və s.

Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Bir rəvayətə görə, Xızır qardaşı, torpaq sahibi Zindanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbə bayramı tədbirilə torpağı oyatmağa çalışırlar.



Səsləndi xoruz banı,

Açıldı sübhün danı,

İlin yaz fəsli gəldi,

Qızdı torpağın canı.



Torpaq çərşənbəsi ilə əkinçilər işə başlayırlar. Yerlər şumlanır, toxumlar səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə, axır çərşənbə günü qadınlar, qızlar çillələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.

Torpaq çərşənbəsinin də özünəməxsus inancları, xüsusiyyətləri var. Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad edir, onlara qonaq getməyə başlayır, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarətə gedirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanmışlar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən ev sakinlərini, əzizlərini şən əhvali-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan bikef qayıtması uğursuzluq əlamətiymiş. Hətta İlaxır çərşənbədə yandırılan şamlar ev sakinlərinin sayından bir ədəd çox qoyulur. Həmin əlavə şam ruhlar adına yandırılır.

Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” demək bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac bar verəcək, zaminəm” deyir.

İlaxır çərşənbədə ağacla bağlı inanclardan biri heyva çubuğundan gözmuncuğu düzəldilməsidir. Hətta bu çərşənbədə uşaqlar üçün düzəldilən beşiyin də xeyirli olacağına inanarmışlar. Bu da türk düşüncəsindəki ağac kultu ilə bağlıdır. Türk düşüncəsi yaradılışdan bəhs edərkən ağacı bu hadisənin ana motivi kimi göstərir: Öncə yerdən doqquz budaqlı bir ağac yüksəltmiş, sonra hər budağın altında bugünkü insanlığın ilk atalarından birini yaradaraq bu doqquz insana ağac kölgəsində yaşamaq imkanı vermişdir. Bu düşüncədən irəli gələrək zamanla ağac müqəddəsləşdirilmiş, qoruyucu motiv də qazanmışdır.

Axır çərşənbə çoxsaylı və sınanmış falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmişlər. Yumurta kömür ilə yazılarsa, niyyətin baş tutacağına inanırmışlar.

İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri “Qurşaqatma”dır. Sonradan bu ənənənin adı “Papaqatdı” ilə əvəzlənmişdir. Uşaqlar Novruz payı toplamaq məqsədilə evlərə şal sallamışlar. Müasir dövrdə isə bu ənənəni papaq ataraq həyata keçirirlər. Qədim dövrlərdə hətta oğlanlar sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan şal sallayar, bununla da qızların onlara meyli olub-olmadığını öyrənərmişlər: ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış.

İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənərlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar su dolu stəkana sapa və ya saça bağlanmış üzüyü üç dəfə salıb-çıxarır. Üzük neçə dəfə stəkanın qırağına dəyərsə, qızın o yaşda ailə quracağına inanırlar. Digər bir fala görə, qız yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üzüstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.

İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər danışmalıdır. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.

Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla bəzədilir. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi də vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa (qorğa) qoyulur. Çərşənbə, bayram xonçalarına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı Günəşin, istiliyin, şəkərburanı Hilalın - Ayın, paxlava isə ulduzun yerdəki rəmzi kimi götürülür. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.

Rəngli yumurtalar Novruzun əsas atributlarındandır. Dörd ünsürü özündə cəmləyən yumurta, əsasən, soğan qabığı ilə rənglənərək süfrələri bəzəmişdir. Yumurtanın qabığı torpağı, pərdəsi havanı, ağı suyu, sarısı odu rəmzləşdirir. Rəngli yumurtalar torpağın canlanmasına işarədir. “Yumurta döyüşdürməsi” qışla yazın, soyuqla istinin mübarizəsini ehtiva edir. Bu oyunda sınan yumurta məğlubiyyəti göstərir. Məğlub olanlar sınan yumurtaları qalib gələnə verirlər.

Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət çəkir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da var. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanmışlar.

Səməni ovsununda oğul-qız sahibi olmuş qadın göyərdilmiş səmənini İlaxır çərşənbə günü uşağı olmayan, çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Övlad sahibi olan başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir:



Arpa, buğda dənidi,

Göyərən səmənidi,

Kəsdim, gəlin, çilləni,

Övlad vermək dəmidi.



Səməni nəziri adəti də bu günə kimi nəsildən-nəslə ötürülmüşdür. Qəlbində bir niyyəti olan adam qablara buğda töküb göyərtdirir, cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-fındıq ləpəsi qatır, xonça sinilərinə töküb yayır. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər. Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu niyyətin qəbul olunduğu anlamına gəlir. Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər.

İlaxır çərşənbə ilə bağlı adət-ənənələr nəsildən-nəslə ötürüldükcə müxtəlif variantlara salınmış, bəziləri unudulmuş, bəziləri isə yeni şəkil almış, müasir dövrün tələblərinə uyğun dəyişmiş, əski düşüncədəki mahiyyətindən uzaqlaşmışdır.



Səhər ORUCOVA,

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR