Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində Psixoloji Seminar təşkil olunmuşdur.Seminarın əsas məqsədi tələbələrin şəxsi inkişafına dəstək göstərmək, onların psixoloji dayanıqlılığının artırılması, eləcə də gələcək peşə və karyera seçimləri ilə bağlı maarifləndirilməsi olub.
Seminar çərçivəsində Ofays Psixoloji Xidmət Mərkəzinin rəhbəri Ofeliya Qasımova “Gənclik dövründə münasibətlər və emosional sərhədlər” mövzusunda çıxış edərək, gənclərin sosial münasibətlərdə düzgün emosional sərhədlər formalaşdırmasının əhəmiyyəti, sağlam ünsiyyət bacarıqları və psixoloji rifahın qorunması barədə tələbələrə ətraflı məlumat verib.
Daha sonra Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyində məktəbəqədər təhsil müəssisələrində metodikanın təşkili üzrə şöbə müdiri, Umay Təlim Mərkəzinin metodisti və xüsusi pedaqoqu Vüsalə Mustafayeva “Müəllim və Tələbə Münasibətlərində Psixoloji Yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. O, təhsil mühitində sağlam psixoloji münasibətlərin qurulması, müəllim və tələbə arasında effektiv kommunikasiya, empatiya və motivasiya amillərinin əhəmiyyətindən bəhs edib.
Seminarda həmçinin psixoloq Emiliya Nəsibova “Motivasiya və stresin idarə olunması” mövzusunda çıxış edərək gündəlik həyatda və təhsil prosesində qarşıya çıxan stres faktorlarının idarə olunması, daxili motivasiyanın qorunması və psixoloji balansın təmin olunması ilə bağlı tələbələrə ətraflı məlumat verib.
Daha sonra hüquq psixoloqu Lamiyə Hüseynova “Karyera planlaması” mövzusunda təqdimatla çıxış edib. O, tələbələrə düzgün karyera istiqamətinin müəyyənləşdirilməsi, peşə seçimində diqqət edilməli məqamlar, fərdi bacarıqların inkişaf etdirilməsi və əmək bazarının müasir tələbləri barədə geniş məlumat verərək öz tövsiyələrini bölüşüb.
Tədris işləri üzrə direktor müavini Gülnar Kərimova çıxışı zamanı seminarın tələbələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Ofays Psixologiya mərkəzinə, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinə, Psixologiya Elmi-Tədqiqat İnstitutuna göstərilən əməkdaşlıq və təşkilati dəstəyə görə xüsusi təşəkkürünü bildirib. O, bu kimi maarifləndirici görüşlərin tələbələrin həm şəxsi, həm də peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılıb, psixoloji maarifləndirmə, sağlam ünsiyyət və şəxsi inkişaf istiqamətində faydalı müzakirələr aparılıb.
Tədbirin sonunda mütəxəssislərə seminarın təşkilində və tələbələrlə bilik və təcrübələrini bölüşdüklərinə görə təşəkkür edilərək sertifikatlar təqdim olunub.