Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə 2-5 iyun tarixlərində Şuşa şəhərində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliğinə həsr olunmuş “ Yay məktəbi” təşkil edilib. Tədbirin açılışında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma layihələrinin ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirdiyini bildirib.
Sonra BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək tarixi torpaqlarımızda bir araya gəlmək, milli dövlətçilik ideyalarımızın işığında gələcəyimizi birlikdə düşünməyin unudulmaz mənəvi dəyər olduğunu vurğulayıb. Bildirib ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin əməkdaşları Tərlan Hacızadə, Kamil Məmmədli, Günay Əliyeva və Əfsanə İsmayılova da “Yay məktəbində” iştirak ediblər.
Layihə çərçivəsində iştirakçılar Qarabağ Universiteti ilə tanış olublar, infrastrukturu, tədris korpusları,laboratoriyaları, tələbələr üçün yaradılan sosial-məişət şəraiti barədə ətraflı məlumatlandırılıblar. Həmçinin “ Yay məktəbi” çərçivəsində iştirakçılar arasında intellektial yarış keçirilmiş və qalib komandalar mükafatlandırılmışdırlar.