Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində Məzun Günü böyük təntənə ilə qeyd olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri çıxışı ilə açan kollecin direktoru Hicran Əyyubova qonaqları və tədbir iştirakçılarını salamlamış, məzunları təbrik edərək onlara yeni nailiyyətlər arzulamışdır.
Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev öz çıxışında hər bir məzunun gələcəyin savadlı mütəxəssisi, vicdanlı vətəndaşı və cəmiyyətə faydalı insanı olacağına inandığını bildirmişdir.
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini -Gülnar Rəhimova, kollecin şəhid məzunu Nicat Səmədovun atası Şahin Səmədov, kollecə əvvəlki dövrdə rəhbərlik etmiş və onun inkişafında böyük rolu olan Rüxsarə Əliyeva, uğurlu məzunlardan olmuş Kəmalə Qasımova da çıxış edərək, məzunları təbrik etmiş və onlara xoş arzularını bildirmişdirlər.
Təhsil aldıqları müddətdə Ümumi Orta Müvəffəqiyyət Göstəriciləri yüksək olan,həmçinin kollecin ictimai işlərində fəal olan tələbələr Təşəkkürnamə ilə təltif olundular.Rəsmi hissənin sonunda ənənəvi məzun papaqlarının səmaya atılması mərasimə xüsusi rəng qatdı.
Tədbirin bədii hissəsi peşəkar rəqqasların ifasında milli rəqs nümunəsi ilə başlamış,məzunların gənclər arasında populyar olan musiqiçilərin ifasını dinləməsi və rəqsləri ilə davam etmişdir.