11 sentyabr 2026-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2026/2027-ci tədris ilinin Pedaqoji Şurasının ilk iclası keçirildi. İclası giriş sözü ilə açan kollecin direktoru Hicran Əyyubova kollektivə yeni tədris ilində uğurlar arzuladı və Şura üzvlərini Pedaqoji Şuranın illik fəaliyyət planı ilə tanış edib, iclasın gündəliyində nəzərdə tutulan məsələləri nəzərə çatdırdı. Pedaqoji Şurada Kollecin struktur bölmələrinin əsasnamələri, iş planları müzakirə olundu. 2026/2027-ci tədris ili üçün qarşıda duran vəzifələr haqqında Tədris işləri üzrə direktor müavini Gülnar Kərimova məlumat verdi.
Qeydiyyat, Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Kifayət Orucova 2026/2027-ci tədris ili üçün tələbə qəbulunun ilkin vəziyyəti barədə məruzə ilə çıxış etdi.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Firuzə Fərmanlı tələbələrin davamiyyəti, nizam-intizam qaydaları, keçiriləcək tədbirlər və tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan işlər barədə məlumat verdi.
İnzibati təsərrüfat işləri üzrə direktor müavini Tərlan Hacızadə çıxışında müvafiq tədbirlərin görüldüyünü və kollecin infrastrukturunun yeni tədris ilinə hazır olduğunu bildirdi.
İclasın yekununda Hicran Əyyubova öz çıxışı ilə müzakirələri yekunlaşdırdı və yeni tədris ili ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verdi.