Suverenlik dövlətin yalnız hüquqi statusu deyil, onun öz ərazisində hakimiyyətini həyata keçirmək, qanunlarını tətbiq etmək, sərhədlərinə nəzarət etmək və milli maraqlarını müstəqil şəkildə qorumaq imkanının ifadəsidir. Azərbaycan üçün 20 Sentyabr məhz bu baxımdan xüsusi tarixi və siyasi məna daşıyır.2023-cü il sentyabrın 19-da Qarabağda başlanmış lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu rəqəm – 23 saat – əslində yalnız hərbi əməliyyatın müddətini göstərir. Onun arxasında isə 30 ildən artıq davam edən siyasi, diplomatik, hərbi və hüquqi mübarizə dayanır.20 Sentyabr Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli həmrəyliyinin və suveren dövlətçilik idealının təntənəsidir.
Bu baxımdan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suverenlik – dövlətçiliyimizin əsasları” adlı test müsabiqəsi keçirilib.
Müsabiqənin nəticələrinə əsasən: I yerə Almaz Süleymanlı , II yerə Ayan Məmmədova , III yerə Samirə Hüseynova layiq görülüblər.