4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 13.10.2026-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqdisadiyyat və Humanitar Kollecdə “Yaşıllıqların uçotu, kadastrı və monitorinqinin aparılması” Qaydaları mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilmişdir. Kollec rəhbərliyi, müəllim heyəti və tələbələr olmaqla ümumilikdə 75 nəfərin iştirak etdiyi tədbirdə iştirakçılara mövzu ilə bağlı təqdimat edilərək bu sahədə, eləcə də ətraf mühitin mühafizəsi sahəsində onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin, o cümlədən yerli icra hakimiyyəti və özünüidaretmə orqanlarının birgə əməkdaşlığı ilə 2023-cü ildən etibarən pilot layihə olaraq həyata keçirilməyə başlanılan “Yaşıllıqların nömrələnməsi, onların rəqəmsal kadastrının aparılması və mövcud reyestrə əlavə edilərək mərkəzləşdirilmiş sistemin yaradılması” barədə tədbir iştirakçılarına qısa məlumat verilmiş, sözügedən layihə sayəsində xüsusilə də ölkə ərazisində yaşıllıqların qanunsuz kəsilməsi və məhvi hallarının qarşısının alınacağı diqqətə çatdırılaraq, gənc nəsildə ekoloji mədəniyyətin və ətraf mühitə həssas yanaşmanın vacibliyinə dair tövsiyələr olunmuşdur.