Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik yolun davamı: Türkologiyanın yeni istiqamətləri” adlı konfrans keçirilib. Konfransdan əvvəl iştirakçılar “Türk dünyası: altı ölkə, ortaq mədəniyyət” adlı sərgi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rəqs və kompozisiya nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Hicran Əyyubova Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni əlaqələrinin inkişafında mühüm yer tutduğunu bildirib. O, qurultayda irəli sürülən ideyaların bu gün də aktuallığını qoruduğunu qeyd edərək, həmin irsin öyrənilməsinin və gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində əməkdaşlığın yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Müasir təhsilin gəncləri dəyişən dünyanın tələblərinə hazırlamalı olduğunu bildirərək tələbələrin rəqəmsal savadlılığının, analitik düşünmə və təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov əvvəlcə Agentliyin direktoru Ülkər Səttarovanın salamlarını iştirakçılara çatdırıb, konfransın işində uğurlar arzulayıb. O, türkologiyanın keçmişin öyrənilməsi ilə yanaşı, türk xalqları və dövlətlərinin birgə gələcəyinə yönələn elmi istiqamətləri də əhatə etməsinin vacibliyini bildirib. Türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinin bu sahədə araşdırmalar üçün əlverişli şərait yaratdığını qeyd edib. Ortaq tarixi və mədəni dəyərlərlə yanaşı, iqtisadi əlaqələrin də əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov türk dünyasında elmi və mədəni əməkdaşlığın inkişafında universitetlərin rolundan danışıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tarixi və mədəni irsin qorunmasında, gələcək nəsillərə ötürülməsində gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.
Səlcuq Universitetinin Sosial Elmlər üzrə Peşə Ali Məktəbinin direktor müavini Eyub Erdal Yörük türk xalqları arasında ortaq dəyərlərə əsaslanan əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan-Türkiyə qardaşlığından və xalqlarımız arasında qarşılıqlı dəstəkdən danışıb. Gənclərin öz dilinə, tarixinə və milli dəyərlərinə bağlılığının qorunmasında belə görüşlərin mühüm rol oynadığını qeyd edib.
Konfrans panel müzakirələrlə davam edib. Publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin “Rəqəmsal İpək Yolu: Türk dünyasında turizm və texnologiyanın vəhdəti” mövzusunda çıxışı çərçivəsində rəqəmsal texnologiyaların turizmin inkişafında yaratdığı imkanlardan bəhs olunub. Ortaq mədəni irsin tanıdılmasında və turizm əlaqələrinin genişləndirilməsində rəqəmsal vasitələrin rolu müzakirə edilib.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elsevər İbadovun “Türk dünyasında iqtisadi əməkdaşlığın yeni perspektivləri və investisiya imkanları” mövzusunda çıxışı ətrafında türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri nəzərdən keçirilib. Qarşılıqlı investisiya imkanları və birgə layihələrin əməkdaşlığın genişlənməsində əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Coğrafiya üzrə fəlsəfə doktoru Şahnaz Amanovanın “Türk dünyasında enerji sahəsində əməkdaşlıq: Yaşıl gələcək” mövzusunda çıxışı çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Yaşıl enerji layihələrinin regional əməkdaşlığa və dayanıqlı inkişafa töhfələrindən bəhs edilib.
Tədbirin yekun-bədii hissəsində hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı musiqi nömrələri ilə çıxış edib.