BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kollecin müəllim və tələbə heyəti ilə yanaşı Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru polis leytenantı Xəyalə Əsgərova da iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Hicran Əyyubova qeyd etmişdir ki, korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.Kollecin hüquqşünası Ümman Salehzadə öz çıxışında bildirmişdir ki, Cəmiyyətimizdə korrupsiya ilə mübarizə prioritet məsələlərdən biridir. Bu məsələnin vacibliyini nəzərə alaraq 13 yanvar 2014-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Xəyalə Əsgərova çıxış esərək korrupsiya hallarının aşkar edilməsi və aradan qaldırılması üçün görülən tədbirlər haqqında geniş məruzə etmişdir.

