23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə kollecin kitabxanasında tələbələrin mütaliəyə marağını artırmaq və kitabın cəmiyyət həyatındakı rolunu təbliğ etmək məqsədilə yeni kitablardan ibarət kitab sərgisi təşkil olunub. Kitabxana müdiri Qətibə Qasımova kitabın insanın dünyagörüşünün formalaşmasında, bilik və mənəviyyatının zənginləşməsində mühüm rol oynadığını vurğulayıb, bildirib ki, mütaliə vərdişi gənclərin düşünmə qabiliyyətini inkişaf etdirir, onların nitq mədəniyyətini və yaradıcılıq potensialını artırır. Kollecin hüquq müəllimi Aytəkin Məmmədova tələbələrə müəlliflik hüququ haqqında məlumat vermiş və bildirmişdir ki, müəlliflik hüququ şəxsin yaradıcılıq fəaliyyətinin nəticəsini qorumağa və onun əməyinə hörmətlə yanaşılmasını təmin etməyə xidmət edir. Müəlliflik hüququnun qorunması cəmiyyətdə yaradıcılığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Əgər bu hüquqlar pozularsa, müəllifin zəhməti qiymətləndirilməz və bu da yeni əsərlərin yaranmasına mənfi təsir göstərə bilər. Buna görə də müəlliflik hüququnun qorunması qanunvericiliklə tənzimlənir və onun pozulması hüquqi məsuliyyət yaradır.