BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “İşıq saçan ömür” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Zərifə Əliyevanın həyat yolu, elmi fəaliyyəti və Azərbaycan tibb elminə verdiyi töhfələr haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, akademik Zərifə Əliyeva irsinin öyrənilməsi Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişaf tarixinin araşdırılması və onun humanist ideyalarının gənc nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Görkəmli alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış “Nur və iradə” adlı səhnə əsəri nümayiş etdirildi.
Tamaşa Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək onun elmə olan sonsuz sevgisini, insanlara göstərdiyi qayğını və güclü iradəsini bədii formada izləyicilərə çatdırdı. Səhnə əsərində onun həkim kimi fədakarlığı, xəstələrə şəfqətlə yanaşması və çətinliklərə baxmayaraq məqsədlərinə sadiq qalması təsirli səhnələrlə canlandırıldı. Amin Əsgərlinin ifası ilə tamaşa yekunlaşdı.
Sonda qeyd olundu ki, “Nur və iradə” tamaşası yalnız bir səhnə əsəri deyil, həm də Zərifə Əliyevanın zəngin həyat yoluna, mənəvi dəyərlərinə və elmi irsinə göstərilən dərin ehtiramın ifadəsidir.